Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib.
Rusiya Federasiyasına işgüzar səfərə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiya dövlətinin başçısı Vladimir Putin Kremldə qarşıladı.
Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi Qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdır. O vaxt Sovet İttifaqının tərkibində olan Azərbaycandan cəbhəyə 700 minə yaxın hərbiçi yollandı. Böyük Qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən hərbiçilərimizin 300 mini döyüş meydanlarında həlak oldu. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edildi, 170 min əsgər və zabitimiz isə müxtəlif orden və medallarla mükafatlandırıldılar.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorus, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak etdilər.
"Xocalının SƏSİ"